SİYASƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Xəzər rayonunda qeyd edilib
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Zirə Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər İnkişaf Fondunun birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənələrimizin bərqərar olmasında, azərbaycançılıq məfkurəsinin formalaşmasında uğurlu fəaliyyəti haqqında danışıb. O, Ulu Öndərin xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının Azərbaycan üçün böyük qurtuluş olduğunu deyib. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın tarixində yeni bir səhifə açıldığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı xilas etdi. Bu gün onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, ulu öndər Heydər Əliyev bugünkü Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına öz töhfəsini verib. Məhz bugünkü Azərbaycan bizlərə Ulu Öndərdən miras qalıb. O zaman böyük layihələr həyata keçirilməsəydi, peşəkar kadrlar hazırlanmasaydı, bu gün müasir Azərbaycandan danışa bilməzdik. Ulu Öndər hələ ötən əsrin 70, 80-ci illərində peşəkar, işinin, vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək kadrların yetişməsində böyük xidmət göstərib. Eyni zamanda, ziyalıların, yaradıcı insanların sovet repressiya maşınından qurtulmalarına yardımçı olub. Əgər müstəqilliyimizin ilk vaxtlarında səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində ölkədə vətəndaş müharibəsi gedirdisə, bu gün vətəndaş cəmiyyətinin formalaşması prosesi gedir. O illərdə sosial, iqtisadi, siyasi çətinliklərlə üzləşən Azərbaycan bu gün müstəqil Azərbaycan kimi dünya arenasında söz sahibinə çevrilib, dünyaya yeni bir modellə təqdim olunur.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın bugünkü varlığında Ulu Öndərin imzası var. Heydər Əliyev kimi dahi liderimiz olmasaydı, Azərbaycanın varlığından söhbət edə bilməzdik. Ölkəmizin bugünkü inkişafı, tərəqqisi onun apardığı uğurlu siyasətin nəticəsidir. Bütün həyatını Vətəninə, xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu böyük məktəbdən, Ulu Öndərin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Dahi şəxsiyyət öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirib. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəmizin dövlətçilik tarixinin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində böyük iz buraxdı. Nə qədər Ulu Öndərin fiziki-bioloji mövcudluğu dövründə Azərbaycan dövləti var idisə, ondan sonrakı mərhələdə də dahi şəxsiyyətin ideyaları, əməlləri var. Əgər biz bu gün müstəqil Azərbaycanı Ümummilli Liderin şah əsəri kimi səciyyələndiririksə, deməli, tamamilə haqlıyıq. Çünki yalnız böyük dövlət xadimlərinin qurduğu dövlət, formalaşdırdığı ideologiya uzunömürlü olur. Heydər Əliyev məhz elə o böyük dövlət xadimlərindən idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan yeni azərbaycançılıq ideologiyasının banisidir. Bu gün Ulu Öndərin qurduğu müstəqil Azərbaycan dövləti dünya siyasətində özünəməxsus yer tutub.
Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, 1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən faciəli anlarını yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik hökm sürürdü. Siyasi hərc-mərclik, başıpozuqluq, xaos ölkəni iflic etmişdi. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadiminin apardığı siyasət nəticəsində vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov deyib ki, Azərbaycan adlı müstəqil, güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövləti bizə məhz ulu öndər Heydər Əliyev ərməğan edib. Ümummilli Lider cəmiyyətin bütün sahələrində islahatların aparılması ilə bağlı qanunlar imzalayıb. İstər dövlətə, istər cəmiyyətin ayrı-ayrı təbəqələrinə münasibətdə çox böyük bir strategiyanı hazırlayıb bizlərə miras buraxıb. Bu gün XXI əsrin Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Ona görə də 2003-cü ildə Ulu Öndər məhz öz imzası ilə dövlətimizin başçısı İlham Əliyevi Azərbaycan xalqına təqdim etdi. Bu gün xalqımız o imzanın nə qədər doğru imza olmasının şahididir və Prezident İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasətin ardınca gedir.