ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən fərdi yaradıcılıq sərgisi
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistrantı, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü Aygün İsmayıllının ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən fərdi yaradıcılıq sərgisi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov ölkəmizdə həm təhsildə, həm də yaradıcılıq sahəsində fərqlənən istedadlı tələbələrin olduğunu söyləyib. Gənc rəssam yeni yaradıcılıq uğurları arzulayan rektor qeyd edib ki, Azərbaycanın gələcəyini yüksək biliyə, istedada malik gənclər müəyyənləşdirəcəklər. A.İsmayıllı gənc və istedadlıdır, özünəməxsus yaradıcılıq üslubu var. Onun rəsm əsərləri məzmun və forma baxımından bir-birindən fərqlənir.
ARİ-nin katibi, Xalq Rəssamı Ağaəli İbrahimov ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, A.İsmayıllıya yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, Xalq Rəssamı Arif Hüseynov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev A.İsmayıllının sərgidə nümayiş olunan əsərlərini yüksək dəyərləndirib, uğurlar arzulayıblar.
Sonda gənc rəssam A.İsmayıllı fərdi yaradıcılıq sərgisinin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, həmçinin bütün iştirakçılara təşəkkür edib.