REGİONLAR
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti müsbət nəticələr verməkdədir
Yevlax, 5 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə Ulu Öndərin ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxışında bildirib ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər birimizin, xüsusən gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsil vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər.
Təşkilatın Gənclər Birliyinin sədri Ariz Mikayılov və fəallar çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Qeyd edilib ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti müsbət nəticələr verməkdədir. Bu gün həmin siyasət Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla avam etdirilir.