SİYASƏT
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Daşkənddə anılıb
Daşkənd, 10 may, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı mərasim keçirilib.
Tədbirdə səfirliyin, AMM-nin əməkdaşları, diasporumuzun üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklillər və çiçək dəstələri qoyulub. İştirakçılar ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə də baxıblar.
Mərasimdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, bütün dünyada hörmətlə yad olunur.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd