REGİONLAR
Ulu öndər Heydər Əliyevin inkişaf və quruculuq siyasəti bu gün uğurla davam etdirilir
Kəngərli, 26 aprel, AZƏRTAC
Bu gün dünyada böyük nüfuz qazanan müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderin ideyaları, dahi rəhbər tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Kəngərli rayonunun Xok Kənd Mərkəzində “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf və quruculuq xətti” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva məruzə ilə çıxış edib.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmasına, onun nüfuzunun artmasına həsr edib. 1993-cü ildən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmizdə güclü, qüdrətli dövlət qurulub. Bu gün dövlət başçısının əzmkar və yaradıcı fəaliyyəti sayəsində ölkəmiz böyük inkişafa qovuşub, beynəlxalq aləmdə nüfuzu daha da artıb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə müəyyənləşdirdiyi quruculuq və inkişaf siyasətinin qədim diyarda ardıcıl həyata keçirilməsi nəticəsində muxtar respublikamız, o cümlədən onun hər bir bölgəsi yüksək inkişaf səviyyəsinə çatıb. Muxtar respublikanın hər bir rayon, qəsəbə və kəndində aparılan abadlıq-quruculuq tədbirləri sakinlərin rahatlığını təmin edib, yaradılan yeni istehsal müəssisələri, açılan yeni iş yerləri məşğulluğu təmin edib, əhalinin rifah halı yaxşılaşıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikada aparılan quruculuq tədbirləri çərçivəsində Kəngərlidə görülən işlər rayonun simasını tamamilə dəyişib, onun görünüşünə müasirlik gətirib. Rayonun yaradıldığı gündən keçən 13 il ərzində əldə olunan nailiyyətlər, burada müxtəlif sənaye və kənd təsərrüfatı istehsalı sahələrinin yaradılması, təhsil və infrastruktur quruculuğu seçilən düzgün yolun bariz nümunəsi kimi diqqəti cəlb edir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının şura üzvü Hacırəddin Mehbalıyev, Xok kənd ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvü Mübariz Əliyev mövzu ətrafında çıxış ediblər. Bildirilib ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, ölkəmizi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb. Bu gün dahi şəxsiyyətin yolu ölkəmizdə, eləcə də muxtar respublikada uğurla davam etdirilir.