SİYASƏT
Ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Ana harayı” abidəsini ziyarət
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan–Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üstünə güllər qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra nümayəndə heyəti Xətai rayonundakı “Ana harayı” abidəsini ziyarət edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.
Nümayəndə heyətinin üzvü, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin müavini Einar Vallbaum jurnalistlərə müsahibəsində bildirib ki, Xocalı faciəsi bəşər tarixində insanlığa sığmayan cinayətdir. Bu qətliamı törədənlər cavab verməlidirlər. Biz Azərbaycanın mövqeyini dəstəkləyirik. İnsanlar sülh şəraitində yaşamalıdırlar. Bunun üçün bir-birimizə kömək etməliyik.