REGİONLAR
Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunması sahəsindəki xidmətləri xatırlanıb
Kürdəmir, 5 may, AZƏRTAC
Kürdəmirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan parkdakı abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.
“Dəyirmi masa”da rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, YAP rayon təşkilatının sədri Ağali Kərimli, YAP qadınlar şurasının sədri Sevda Hacıyeva, 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxalıyeva və başqaları görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, ulu öndərimiz Tanrının Azərbaycana çoxəsrlik tarixi boyu bəxş etdiyi nadir simalardandır. Məhz onun sayəsində müasir, müstəqil Azərbaycan dövləti quruldu və inkişaf yoluna çıxarıldı. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində milli mənəvi dəyərlərimizə sahib çıxdıq. Ana dilimizin, əlifbamızın sahibi olduq. Novruz, Ramazan kimi əziz bayramlarımız özümüzə qaytarıldı.
“Dəyirmi masa” iştirakçıları xalqımızın, eləcə də kürdəmirlilərin ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın çiçəklənməsində, dövlətçilik ənənələrimizin, milli mənəvi dəyərlərimizin qorunmasında əlindən gələni əsirgəməyəcəyini vurğulayıblar.