SİYASƏT


Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir

Bakı, 14 iyul, AZƏRTAC

Şuşa Rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilib.

İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın inkişafı, hüquqi, dünyəvi dövlət və ordu quruculuğu, xalqımızın maddi rifah halının yüksəldilməsi sahəsində misilsiz xidmətlərindən danışıb. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına qayğı ilə yanaşıb. 1969-1982-ci illərdə həyata keçirilən layihələr öz miqyasına görə Azərbaycanın quruculuq dövrünü təşkil edir. Ölkəmizin müstəqilliyi və bugünkü möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılan potensiala əsaslanır. Həmin dövrdə respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edilib, əhalinin şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil tikintisi layihələri həyata keçirilib. Bir sözlə, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir.

Bildirilib ki, ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edib. Ermənistanın Avropa Şurası tərəfindən təcavüzkar kimi tanınmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var.

B.Səfərov qeyd edib ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi, ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq aləmdə nüfuz qazanması Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması yolunda dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, həmin ərazilərdə üçrəngli müqəddəs bayrağımız dalğalanacaq.

Sonra dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətindən, respublikada elmin, təhsilin, səhiyyənin sürətli inkişafının təmin edilməsindəki misilsiz xidmətlərindən ətraflı bəhs ediblər.

Sonda ümummilli lider Heydər Əliyevin şuşalılarla görüşlərindən bəhs edən videoçarx nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.