SİYASƏT
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir
Bakı, 14 iyul, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 47-ci ildönümü Nəsimi rayonunda qeyd edilib.
Tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev xatırladıb ki, 47 il əvvəl - 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanıb. Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı bəhrəsini verib. Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrilib. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edilib, əhalinin şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil tikintisi layihələri həyata keçirilib. Bir sözlə, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir.
Qeyd edilib ki, Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub, böyük strateji layihələrin həyata keçirilməsinə başlayıb. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Azintur” ASC-nin sədri Aydın Heydərov, rayon Veteranlar Şurasının sədri İsmayıl Fərəcov, ziyalı İmanverdi Həmidov və başqaları Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Heydər Əliyevin uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaratdığını qeyd ediblər.