SİYASƏT


Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı çağdaş tariximizdə dönüş və qurtuluş mərhələsidir

Bakı, 13 iyun, AZƏRTAC

Suraxanı rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilir. Növbəti tədbir - “Heydər Əliyev - Azərbaycanın ən müasir tarixində silinməz iz qoyan dahi” mövzusunda konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən təşkil olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov konfransda çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş, qəhrəmanlıq tarixidir. 15 iyun tarixi Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın təkidi ilə ulu öndər Heydər Əliyev həmin zaman yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olardı. Bu qayıdış, ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxlayıb, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas edib. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olunub, qanunsuz silahlı birləşmələr zərərsizləşdirilib, özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alınıb. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyulub, atəşkəsin imzalanmasına nail olunub. Ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş və qurtuluş mərhələsidir.

Qeyd edilib ki, ötən əsrin 90-cı illərində cərəyan edən proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan müstəqilliyindən məhrum edilmək təhlükəsi ilə üzləşmişdi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışı ilə bütün bu məkrli planlar alt-üst edildi. Ulu öndər Heydər Əliyevin milli qurtuluşun məntiqi yekunu olaraq Azərbaycanda müstəqil dövlətçiliyin möhkəm əsaslarını quraraq xalqımızın çoxəsrlik tarixində Azərbaycan adlı dövlət yaratmış nadir siyasi şəxsiyyətdir.

Ümummilli Liderin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.

Prezident İlham Əliyev ölkəmizi Milli Qurtuluşdan yeni intibaha çatdıran görkəmli dövlət xadimidir.

Konfransda çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri müavini Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşüb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Ulu Öndərin həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.