CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin xatirəsi Ali Məhkəmədə yad edilib

A+ A

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev adı Azərbaycan xalqının tarixinə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi əbədi həkk olan ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan danışıb. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğu diqqətə çatdırılıb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, R.Rzayev ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olaraq, Sovet İttifaqı kimi dünyanın ən böyük dövlətinin siyasi rəhbərliyində mühüm vəzifədə çalışdığını, dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu əməli fəaliyyəti ilə göstərdiyini qeyd edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin adı Azərbaycanın tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi həkk olub. Azərbaycançılıq ideyasının yaradıcısı olan dahi rəhbər Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi dəyərlərinin qorunması və tərəqqisi üçün misli görünməmiş işlər görüb. Bu gün Azərbaycanın uğurlu neft strategiyası sayəsində qazandığı nailiyyətlərin əsasını məhz ulu öndər Heydər Əliyev qoyub. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli Ümummilli Liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti əsl azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə faydalanır və daim faydalanacaq.

Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək, bu ideyaların ölkəmizi inkişaf yolunda inamla zirvəyə aparan, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, dahi şəxsiyyətin ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb, bu müdrik insanın nəsillərə örnək olan irsinin daim yaşayacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.