REGİONLAR
Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği bu gün ölkə gənclərinin başlıca məqsədidir
Naxçıvan, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin müasir inkişafına, iqtisadi, siyasi və hərbi qüdrətinə, beynəlxalq aləmdə nüfuz sahibi olmasına məhz ulu öndər Heydər Əliyev ideyalarını əzmlə davam etdirməklə nail olub. Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği bu gün ölkə gənclərinin başlıca məqsədidir.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər ali məktəbdə fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda keçirilən 192-ci məşğələsində səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən məşğələni rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq dahi şəxsiyyət Heydər Əliyevin çətin və məsuliyyətli, lakin şərəfli ömür yolundan, siyasi fəaliyyətindən danışıb.
Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Rzayev mövzu ilə bağlı geniş məruzə edərək bildirib ki, ulu öndər Heydər Əliyev iki fərqli siyasi sistemdə doğma Azərbaycana rəhbərlik edib, nəinki müstəqillik illərində, totalitar sovet rejimi dövründə belə Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına nail olub. Bu dahi insan öz ömrünü, bütün siyasi və dövlətçilik fəaliyyətini çağdaş ölkəmizin, milli dövlətçiliyimizin inkişafı və möhkəmlənməsinə sərf edib.
Ulu öndər Heydər Əliyevin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyətinin qorunmasında, hüquqi subyektə çevrilməsində mühüm rol oynadığını da diqqətə çatdıran M.Rzayev deyib ki, Ümummilli Lider müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisində, ölkədə ictimai sabitliyin yaradılmasında, milli ideologiyanın formalaşmasında, dövlətimizin uzaqgörən və balanslaşdırılmış xarici siyasətinin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərib.