CƏMİYYƏT
Ulyanovsk şəhərindəki Heydər Əliyev adına məktəbdə son zəng
Bakı, 25 may, AZƏRTAC
Ulyanovsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adını daşıyan 78 saylı məktəbdə dərs ilinin başa çatması münasibətilə təntənəli mərasim keçirilib. Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov tədbirin fəxri qonağı olub.
Şagirdləri tədris ilinin başa çatması münasibətilə təbrik edən məktəbin direktoru Gennadi Tsarev deyib: “Son zəng çox sevindirici və bir az da kədərli bayramdır. Siz yetkin, ağıllı, müdrik olmusunuz, dəyişmisiniz və çox şeyi öyrənmisiniz. Bu, hamımızı sevindirir, axı bu, bizim nəsibimizdir. Bu gün ona görə kədərlidir ki, məzunlar məktəbi həmişəlik tərk edir. Mən onlara demək istəyirəm: sizi burada görməyə həmişə şad olarıq, mümkün qədər tez-tez bizə qonaq gəlin. Sizin uğurlarınızı və həyatdakı yüksəlişinizi müşahidə etməkdən daha böyük zövq ola bilməz”.
Şəhərin meri Sergey Pançin məktəbin ünvanına təbrik göndərib.
Tədbirdə çıxış edən İslam Hüseynov uşaqlara biliyə sevgi arzulayaraq deyib ki, onlar peşəni qəlbin səsi ilə seçməli, səylə çalışmalı, Vətənə fayda verməlidirlər.
İ.Hüseynov Heydər Əliyev Fondu və Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsi adından məktəbin idman zalı üçün toplar, eləcə də ötən tədris ilində ən yaxşı nəticələr göstərən şagirdlərə hədiyyələr təqdim edib.
Şagirdlər son zəng münasibətilə geniş bədii proqram təqdim edib, məktəb illərinə həsr olunan mahnı və şeirlər səsləndiriblər.