SİYASƏT
Ulyanovskda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 17 fevral, AZƏRTAC
Rusiya Federasiyasının Ulyanovsk şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə güllər qoyulub. Mərasimdə Rusiya Prezidentinin iki səlahiyyətli nümayəndəsi - Mixail Babiç və Aleksandr Beqlov iştirak ediblər. Yüksək vəzifəli qonaqları Ulyanovsk vilayəti qubernatoru Sergey Morozov, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov və bu təşkilatın fəalları müşayiət ediblər.
Qeyd edək ki, səlahiyyətli nümayəndələr bu şəhərə dövlət siyasətinin inkişafı strategiyasına dair müşavirədə iştirak etmək və müqəddəs Andreyin abidəsinin açılış mərasimində iştirak etmək üçün gəliblər.
Tədbirdə İ.Hüseynov ulu öndər Heydər Əliyevə monumentin ucaldılması tarixindən söz açıb, bu işdə qubernator Sergey Morozovun rolunu vurğulayıb. Diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin abidəsi regionda ən gözəl abidələrdən biridir.
İ.Hüseynov, həmçinin bu vilayətdə yaşayan azərbaycanlıların iştirakı ilə həyata keçirilən çoxsaylı layihələr, o cümlədən mini-futbol üzrə “Xalqlar dostluğu” kuboku, “Neftçi-ÜAK” Azərbaycan mini futbol komandasının yaradılması və azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi, habelə çoxsaylı mədəniyyət və xeyriyyə tədbirləri haqqında məlumat verib.
Vurğulanıb ki, 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən 78 nömrəli məktəb əsaslı təmir edilib. 2014-cü ilin sonunda isə bu təhsil müəssisəsinə Ümummilli Liderin adı verilib.
Sergey Morozov, həmçinin qeyd edib ki, Azərbaycan diasporu regionda ən fəal icmalardan biridir, ÜAK-ın Ulyanovsk bölməsi isə sağlam millətlərarası münasibətlərin yaradılmasında onun etibarlı və işgüzar tərəfdaşıdır.