REGİONLAR
“Ümid kitabxanası” kampaniyası Sumqayıtda
Sumqayıt, 27 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Noyabrın 27-də Koreya Respublikasının “Samsung Engineering Co. Ltd.” şirkətinin dəstəyi ilə Sumqayıt şəhərindəki 28 saylı tam orta məktəbdə yeni kitabxananın açılış mərasimi olub. Tədbirdə Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları məktəbin həyətində keçirilən iməcilikdə müxtəlif növ ting və bəzək bitkiləri əkiblər.
Açılış mərasimində qeyd olunub ki, “Ümid kitabxanası” kampaniyasına “Samsung Engineering Co. Ltd.” şirkəti tərəfindən 2012-ci ildə start verilib. Regionlarda təhsil mühitini daha da inkişaf etdirmək məqsədi daşıyan bu layihə artıq dünyanın 4 ölkəsində tətbiq olunmağa başlayıb. Bu il isə “Samsung Engineering Co. Ltd.” şirkəti SOCAR-la birlikdə layihəni Azərbaycanda həyata keçirir.
Layihə çərçivəsində Sumqayıt şəhərinin 4, 28 və 33 saylı tam orta məktəblərində kitabxanalar yaradılıb. Bu kitabxanalar əsaslı təmir edilməklə, yeni mebel və avadanlıqlarla təchiz olunub. Kitabxanalar 2400 kitabla təmin edilərək, şagirdlərin istifadəsinə verilib. Bununla yanaşı, “Samsung Engineering Co. Ltd.” şirkətinin nümayəndələri tərəfindən kitabxana rəhbərlərinə müəyyən təlimlər keçiriləcək.
Açılış mərasimində 28 saylı məktəbin şagirdlərinin ifasında elmə, biliyə və kitablara həsr olunmuş Azərbaycan və ingilis dillərində səhnəciklər, vətənpərvərlik ruhunda şeirlər və musiqi nömrələri təqdim edilib. Şagirdlərin bir-birindən maraqlı çıxışlarından sonra yeni kitabxana ilə tanışlıq olub.
Tədbir zamanı V və VI sinif şagirdləri (ümumilikdə 50 nəfər) ekoloji maarifləndirmə məqsədi daşıyan “Eko-nəsil məktəbi” proqramı ilə təmin ediliblər. Bu proqram Günəş enerjisi ilə işləyən kiçik evciklərin hissələrini birləşdirmək qabiliyyətini nümayiş etdirməkdən ibarətdir.