SİYASƏT


Umud Mirzəyev: Prezidentlərin Soçi görüşü Azərbaycanın regiondakı əhəmiyyətini bir daha nümayiş etdirir

Bakı, 23 iyul, Əsəd Məmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə Soçidə görüşünə hər iki ölkə arasında əlaqələrin tarixi rakursundan baxmaq lazımdır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olub. Bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz Ulu Öndər siyasi hakimiyyətə qayıdandan sonra həmin vaxt müəyyən dərəcədə soyuqluğun müşahidə edildiyi Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa nail oldu. İki ölkənin qarşılıqlı münasibətləri tarixində yeni səhifə isə Vladimir Putinin Rusiyanın Prezidenti seçilməsindən sonra açılıb. Fərəhli haldır ki, müasir mərhələdə dövlətlərimizin başçıları bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə biliblər.

Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev AZƏRTAC-a açıqlamasında deyib.

“Qeyd etmək yerinə düşər ki, Rusiya Prezidentinin Bakıya, Azərbaycan Prezidentinin isə Moskvaya mütəmadi səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər çərçivəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilir, əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılır. Görüşlərin yekunlarına əsasən iqtisadiyyat, energetika və humanitar sahələr üzrə hər iki ölkənin ictimaiyyətini maraqlandıran vacib qərarlar qəbul edilir. Xatırlayıram ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin respublikamıza son səfəri barədə danışarkən qeyd etmişdi ki, bu səfər münasibətlərimizin strateji və dostluq xarakterini, bizim dost və tərəfdaş olduğumuzu bir daha təsdiqləmişdir. Zənnimcə, burada şərhə ehtiyac yoxdur. İndiki halda da Prezident İlham Əliyevin Rusiyada Prezident Vladimir Putin ilə görüşməsi, regional və qlobal məsələləri müzakirə etməsi gündəmin ilk xəbəri olmaqla yanaşı, həm də Azərbaycanın regionda əhəmiyyətini bir daha göz önünə qoyur. Azərbaycan həqiqətən də regionda söz sahibi ölkələrdən biridir”, - deyə U.Mirzəyev bildirib.

BAMF-in prezidenti deyib ki, Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir. Əslində bu həm də Soçi görüşünün hansı əhvali-ruhiyyədə keçdiyini əminliklə deməyə əsas verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.