CƏMİYYƏT
Umud Mirzəyev: Təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmaması böyük ədalətsizliyə rəvac verir
Bakı, 1 may, AZƏRTAC
Humanitar Tədqiqatlar Cəmiyyəti mayın 30-da Beynəlxalq Mətbuat Mərkəzində məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi prosesini əhatə edən “Yeni mənzillər və qayıdış ümidləri” adlı hesabatın müzakirəsini təşkil edib.
Müzakirədə rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, Bakıda akkreditə olunmuş səfirliklərin, QHT-lərin nümayəndələri, jurnalistlər və məcburi köçkünlər iştirak ediblər.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber tədbirdə çıxış edərək təmsil etdiyi təşkilat tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycanın vətəndaş cəmiyyəti adından çıxış edərək deyib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirib. Son illər müşahidə olunan ikili standartlar siyasətinə görə Azərbaycan cəmiyyətində və mediasında bu quruma qarşı etimadsızlıq yaranıb. Umud Mirzəyev vurğulayıb ki, Avropa İttifaqı təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymur və bu da böyük bir ədalətsizliyə rəvac verir. Avropa İttifaqı kimi söz sahibi olan qurumların belə qərəzli mövqeyi isə Azərbaycanı münaqişənin həllində ən son varianta-hərbi yolla öz torpaqlarını azad etməyə sövq edir. Halbuki Azərbaycan həmişə sülh və barışığı üstün tutur və indi də bu sülhsevər mövqeyinə sadiqdir.