CƏMİYYƏT
Ümumdünya Autizm Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində KİV nümayəndələri üçün 2 Aprel - Ümumdünya Autizm Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Nazirliyin mətbuat xidmətinin AZƏRTAC-a verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı 2007-ci ildən başlayaraq hər il apreli “Dünya Autizm Maarifləndirmə” ayı kimi qeyd etməyi ənənə şəklinə salıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə birgə təşkil olunacaq “dəyirmi masa” bu ilin aprelində autizmlə bağlı keçiriləcək tədbirlərin ilki idi.
Autizm erkən yaşda başlayan, sosial münasibətlər və ünsiyyət sahəsindəki problemlərlə özünü göstərən, məhdud və təkrarlanan davranışlara səbəb olan ümumi inkişaf geriliyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na autizm də aid edilib.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na əsasən KİV nümayəndələri üçün təşkil olunan “dəyirmi masa”nın əsas məqsədi media vasitəsilə ictimaiyyətin diqqətini ildən-ilə aktuallaşan autizm sindromuna, autik spektr pozuntuları ilə üzləşənlərin və ailələrin ehtiyaclarına yönəltməkdən ibarətdir.
“Dəyirmi masa”da Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Uşaq Psixonevroloji Mərkəzi, “Birgə və Sağlam” və “Lider Qadınlar” İctimai Birliklərinin nümayəndələri, eləcə də İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisləri iştirak ediblər.