CƏMİYYƏT


Ümumdünya Sağlamlıq Gününün keçirilməsi üzrə kampaniya depressiya mövzusuna həsr ediləcək

Bakı, 19 yanvar, AZƏRTAC

Hər il Dünya Səhiyyə Təşkilatının (DST) yarandığı gün - aprelin 7-də qeyd olunan Ümumdünya Sağlamlıq Günü səhiyyə sahəsində insanları narahat edən hər hansı mövzu ilə bağlı addımları səfərbərliyə almaq üçün nadir imkandır. 2017-ci ildə Dünya Sağlamlıq Gününün keçirilməsi üzrə kampaniya depressiya mövzusuna həsr ediləcək.

AZƏRTAC DST saytına istinadla xəbər verir ki, bütün ölkələrdə, bütün yaşlarda və bütün təbəqələrdən olan insanlar depressiyadan əziyyət çəkirlər. Depressiya psixi əzab verir, insanın ən sadə gündəlik məsələləri həll etmək qabiliyyətində əksini tapır və bəzən yaxınları və dostları ilə münasibətlərində fəlakətli nəticələrə gətirib çıxarır, habelə dolanışıq üçün pul qazanmaq bacarığını əlindən alır. Ən son halda isə intiharla nəticələnir. Hazırda depressiya 15-29 yaşlı insanlar arasında ölüm hallarının ikinci aparıcı səbəbidir. Bununla belə, depressiyanın profilaktikası və müalicəsi mümkündür. Depressiya daimi məyusluq hissi, adətən məmnunluq bəxş edən fəaliyyət növlərinə marağın itməsi, habelə nəzərdə tutulan işlərin öhdəsindən ən azı iki həftə ərzində gələ bilməmək halları ilə müşayiət olunan xəstəlikdir. Depressiyadan əziyyət çəkən adamlarda aşağıda sadalanan əlamətlərdən bir neçəsi olur: ruh düşkünlüyü, iştahanın zəifləməsi, yuxululuq və ya yuxusuzluq, həyəcanlılıq, diqqətin zəifləməsi, qətiyyətsizlik, narahatlıq, lazımsızlıq, günah, yaxud ümidsizlik hissi, habelə özünə zərər yetirmək və ya intihar haqqında fikirlər.

Kampaniyanın devizi “Depressiya: gəlin danışaq” şüarıdır.

Depressiya hər bir insanda başlaya bilər. Buna görə də kampaniya yaşından, cinsindən və ya sosial durumundan asılı olmayaraq hər bir insana yönəlib. Dünya Səhiyyə Təşkilatında bu problemin daha çox toxunduğu əhali kateqoriyalarına - 15-24 yaşlı gənclərə, uşaq doğmaq yaşında olan qadınlara (xüsusilə gənc analara), habelə ahıllara (yaşı 60-dan yuxarı) xüsusi diqqət yetirmək qərarına gəliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.