İQTİSADİYYAT


Ümumdünya Turizm Təşkilatının şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti işə başlayıb

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Luksor şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyasında iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 1-də tədbirin yekun görüşləri keçirilib və İcraiyyə Şurasının 104-cü sessiyası öz işini başa vurub. Tədbir çərçivəsində Ümumdünya Turizm Təşkilatı (ÜTT) baş katibliyinin, proqram və büdcə komitəsinin müvafiq hesabatları, 2018-2019-cu illər üzrə ümumi iş proqramı, eləcə də Azərbaycanın Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri seçilməsi və bir sıra digər mühüm məsələlər haqqında qərarlar təsdiq edilib.

Tədbirin ardınca Ümumdünya Turizm Təşkilatının şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti işə başlayıb. Sammitin açılışında ÜTT-nin baş katibi Taleb Rifai, Misirin turizm naziri Yehia Raşed, Luksor şəhərinin qubernatoru Muhamed Sayed Bedr və Ümumdünya Turizm və Səyahətlər Şurasının prezidenti David Skousil çıxış ediblər.

Daha sonra “Perspektivlər və çətinliklər” mövzusunda şəhər turizmi üzrə yüksək səviyyəli panel iclası keçirilib. Panelçi qismində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhər turizmi, bu turizm növünün inkişaf perspektivləri, onun sosial və iqtisadi təsirləri, potensial problemlər haqqında ətraflı məlumat verib.

Şəhər turizmində davamlı və hərtərəfli inkişafa nail olmaq məqsədilə hansı işlərin görülməli olduğunu qeyd edən nazir bu növ turizmin multifunksional təbiətinin çox dəqiq planlaşdırma və idarəetməyə ehtiyac yaratdığını vurğulayıb. Əbülfəs Qarayev ölkəmizin paytaxtında, eləcə də digər böyük şəhərlərdə bu növ turizmin planlaşdırılması və gələcək perspektivlər, bu sahə üzrə inkişafın təmin edilməsi məqsədilə görüləcək işlər barədə məlumat verib. İclas şəhər turizmi mövzusu ətrafında müzakirələrlə davam edib.

Sammit işini noyabrın 2-də davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.