CƏMİYYƏT


Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyəti Bakıda dağ yəhudiləri sinaqoqunda olub

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauderin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri zamanı Bakıdakı dağ yəhudiləri sinaqoquna baş çəkib. Nümayəndə heyətinə Konqresin baş icraçı direktoru Robert Zinger, vitse-prezidenti Qod Nisanov, Avrasiya Yəhudi Konqresinin prezidenti Yulius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayev və ÜYK baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Ştern daxil idi.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini Azərbaycana Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva, İsrailin Azərbaycandakı səfiri Stav Dan, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İsrail nümayəndəliyinin rəhbəri Arye Qut müşayiət ediblər.

Qonaqları sinaqoqda Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev qarşılayıb. Azərbaycanda əsrlər boyu sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşayan bütün xalqlar üçün əlverişli mühit hökm sürdüyünü qeyd edən M.Yevdayev deyib: “Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 ildən çox tarixi var. O zamanlardan etibarən biz təkcə mehriban qonşu və dost deyil, həm də qardaşıq. Dağ yəhudilərini azərbaycanlılarla çoxəsrlik qardaşlıq əlaqələri bağlayır. Xoş gündə də, çətin gündə də biz həmişə azərbaycanlılarla bir yerdə olmuşuq. Azərbaycanda müxtəlif xalqların, millətlərin və konfessiyaların mədəniyyətinin, tarixinin, adət-ənənələrinin qorunması üçün böyük iş görülür. Bu məsələdə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində qısa müddətdə Bakıda dağ yəhudiləri icması üçün gözəl sinaqoq inşa edilib və 2011-ci ilin martında istifadəyə verilib”.

ÜYK prezidenti Ronald Lauder Azərbaycan və yəhudi xalqları arasında səmimi münasibətlər, habelə Azərbaycanda yəhudilər üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirərək deyib: “İlham Əliyev yəhudi xalqının dostudur. O, Azərbaycanda yəhudi icmasının bütün problemlərinə çox vaxt ayırır və bu məsələlərə səmimi qəlbdən yanaşır. Mən Azərbaycanda yaşayan yəhudi icmasına göstərilən həqiqi və səmimi münasibəti çox yüksək qiymətləndirirəm. Azərbaycan, həqiqətən, tolerantlıq modeli və bütün dünya birliyinə nümunədir”.

Ümumdünya Yəhudi Konqresinin əslən Qırmızı Qəsəbədən olan vitse-prezidenti Qod Nisanov və Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev görüşdə Azərbaycan və yəhudi xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi, Azərbaycan rəhbərliyi və xalqının yəhudi icmasına hörmət və səmimi münasibəti haqqında ətraflı məlumat veriblər.

Görüşün sonunda Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev qeyd edib ki, yəhudilər Azərbaycanın bütün qələbələrinə sevinir və bundan qürur duyur, Azərbaycanı öz doğma vətəni hesab edirlər. İcma rəhbəri deyib: “Bu gün Azərbaycandakı multikulturalizm və tolerantlıq mühiti tarixi keçmişdən miras qalan ənənənin davamıdır. Azərbaycan multikulturalizm və tolerantlıq sahəsində böyük təcrübəyə malikdir. Biz dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.