SİYASƏT
Ümumfinlandiya konfransında Azərbaycan və Rusiya diasporlarının əlaqəsindən danışılıb
Helsinki, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Finlandiyanın Espoo şəhərində “Finlandiyanın müstəqilliyinin 100 illiyi qarşısında” IV Ümumfinlandiya tematik konfransı keçirilib. Rusiyalı Həmvətənlər Təşkilatlarının Ümumfinlandiya İttifaqının (RHTÜİ) təşkilatçılığı ilə keçirilən ənənəvi konfransda Moskva və Sankt-Peterburqun müxtəlif fondlarının təmsilçiləri, Finlandiya parlamentinin üzvü Antero Erolla, eləcə də bu ölkənin müxtəlif qurum və siyasi partiyalarının nümayəndələri iştirak ediblər.
Azərbaycanı konfransda Azərbaycan-Finlandiya “Dostluq” Cəmiyyətinin rəhbəri Təranə Nəzərova təmsil edib.
RHTÜİ-nin sədri Qalina Yudina-Lazarevanın sözlərinə görə, forum Finlandiyada yaşayan həmvətənlərin daha da həmrəy olması və Finlandiyanın ictimai birlikləri ilə əməkdaşlığı möhkəmləndirmək üçün məkandır.
Azərbaycan-Finlandiya “Dostluq” Cəmiyyətinin rəhbəri T.Nəzərova bildirib ki, Azərbaycan diasporu Rusiya diasporu ilə sıx əməkdaşlıq edir, çünki Azərbaycan və Rusiya xalqlarını əsrlərin sınağından çıxan dostluq, ortaq tarix və mədəniyyət ənənələri birləşdirir. T.Nəzərova qeyd edib ki, bugünkü konfrans Finlandiyanın müstəqilliyinin 100 illik yubileyinə həsr olunub. Bu ölkə burada yaşayan bir çox xalqların nümayəndələri üçün ikinci Vətənə çevrilib. “Dostluq” Cəmiyyətinin rəhbəri Finlandiyaya inkişaf, sülh və firavanlıq arzu edib.
Konfrans çərçivəsində rusdilli diaspor təşkilatlarının ən fəal üzvlərinin fərmanlarla mükafatlandırılması mərasimi keçirilib.
Xatırladaq ki, Finlandiyanın Müstəqillik Günü hər il dekabrın 6-da qeyd olunur. O, həm də ölkənin milli günü və bayraq günü hesab olunur. Müstəqillik Günü ilk dəfə Müstəqillik Bəyannaməsi Finlandiya parlamenti tərəfindən təsdiqlənəndən sonra - 1917-ci il dekabrın 6-da qeyd olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki