ELM VƏ TƏHSİL
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələri açıqlanmışdır VİDEO
Bakı, 1 iyul (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilmişdir. Abituriyentlər qurumun internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 14 min 925 abituriyentdən 1249 nəfəri imtahana gəlməmişdir. 22 abituriyent imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilmiş və nəticələri ləğv olunmuşdur.
Abituriyentlərdən 9 min 288 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılmışdır. İki abituriyent ən yüksək nəticə göstərərək 57 bal toplamışdır.
İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcəkdir. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır. Əlavə məlumatları “Abituriyent” jurnalının 3-cü nömrəsindən və TQDK-nın internet saytından öyrənmək olar.