CƏMİYYƏT


Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlanıb VİDEO

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 8-dən ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlanıb və bu proses iyulun 18-dək davam edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, ixtisas seçimi internet vasitəsilə həyata keçirilir.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. 2016-2017-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının üçüncü nömrəsində dərc olunub. Abituriyentlər, eyni zamanda, elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədilə TQDK tərəfindən bu təhsil pilləsinə 2015-ci ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər isə “qabiliyyət imtahanına buraxılış vərəqi”ni https://eservices.tqdk.gov.az/erizetex/qabiliyyetbv/?frm=egov linkindən çap edib götürə bilərlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri ilə “Abituriyent” jurnalının üçüncü nömrəsində ətraflı məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.