DÜNYA


Ümumi sülhə nail olmaq üçün hələ çox gözləmək lazım gələcək

A+ A

Berlin, 5 dekabr, AZƏRTAC

2015-ci ildə dünyada yüz ən böyük hərbi konsern tərəfindən 370 milyard dollar dəyərində silah və xidmətlər satılıb. Bu barədə Stokholm Sülh Problemləri üzrə Araşdırmalar İnstitutunun (SİPRİ) dekabrın 5-də elan edilmiş məlumatında bildirilir. Tədqiqat təşkilatı göstərir ki, bu rəqəm keçən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,6 faiz azalıb.

SİPRİ-nin hərbi xərclər proqramının direktoru Od Floran Almaniya KİV-lərinə müsahibəsində bildirib ki, planetin sülhə doğru irəliləməsi barədə nəticə çıxarmaq düzgün olmazdı. O deyib: “2015-ci ildə dünyanın ən iri 100 müdafiə şirkətinin satış həcmi 2002-ci ilin müvafiq göstəricisindən 37 faiz çox olub. Bu, ciddi artım deməkdir. Hərçənd, son 4-5 ildə satış bir qədər azalıb. Satışın maksimum həcmi 2010-cu ildə qeydə alınıb. Son illər satış həcminin azalması meyli indi zəifləməkdədir. 2010-cu ildən sonra satış həcminin azalması meyli müşahidə olunur”.

Ekspertin fikrincə, Amerika firmaları arasında satışın həcmi daha ciddi azalıb. Bu, həm ilk yüzlüyə daxil olan hərbi konsernlər arasında Amerika firmalarının sayına, həm də satışın həcminə aiddir. ABŞ-dan olan hərbi konsernlər tərəfindən satışın həcmi 2,9 faiz azalıb. Ümumilikdə 100 ən iri şirkətin satış göstəricisinin azalmasının bir səbəbi də budur, çünki ilk yüzlükdə dövriyyənin 56 faizi 39 Amerika firmasının payına düşür. Bu, ümumi nəticəyə təsir göstərir.

Od Floran deyir: “2015-ci ildə Avropa şirkətləri, xüsusən Fransa konsernləri xeyli irəliləyib. Böyük Britaniyada son illərin azalma trendi dəyişib. Almaniyalı silah istehsalçıları inkişaf edir. Bu, ABŞ-da satışın həcminin azalmasını müəyyən qədər tarazlaşdırır. İnkişaf etməkdə olan bəzi ölkələrdə, xüsusən Cənubi Koreyada silah satışı həcminin birmənalı şəkildə artması qeydə alınıb. Son bir ildə orada silah satışı 30 faizdən çox artıb”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.