ELM VƏ TƏHSİL
Ümummilli Lider Azərbaycan dövlətinin qurucusu və memarıdır
Bakı, 12 may, AZƏRTAC
Odlar Yurdu Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr edilmiş beynəlxalq elmi–praktik konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Dövlət himni səsləndirilib.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev Azərbaycan dövlətinin qurucusu, memarı Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışıb.
Türkiyə Avrasiya Universitetinin qurucusu və idarə heyətinin sədri Ömər Yıldız Odlar Yurdu Universiteti haqqında təəssüratlarını bölüşüb. Qardaş ölkədə keçirilən konfransın əhəmiyyətindən danışan qonaq Azərbaycan–Türkiyə münasibətlərindən bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə edilən nəticələr xalqın sabaha inamını artırıb.
Konfransda mövzu ilə bağlı çıxışlar dinlənilib. Qeyd olunub ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, irqi ayrı–seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə Prezident İlham Əliyev tərəfindən 2017–ci il “İslam Həmrəyliyi İli” elan olunub. Bununla da Azərbaycan bütün dünyaya İslamda olan ayrı–ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir.
Tədbir bədii hissə ilə davam etdirilib.