CƏMİYYƏT
Ümummilli Liderin anadan olmasının 93-cü ildönümünə həsr olunan XI Beynəlxalq elmi-texniki konfrans keçirilir
Bakı, 5 may, Elvin Camalov, AZƏRTAC
Mayın 5-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Dəniz Nəqliyyatında İnnovativ Texnologiyalar” XI Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfransda Səbail Rayon İcra Hakimiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Dövlət Dəniz Administrasiyasının rəhbər işçiləri ilə yanaşı, yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələri iştirak edir.
Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru Faiq Nağıyev ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən konfransların təşkilinin artıq ənənəyə çevrildiyini söyləyib. Qeyd edib ki, geniş miqyasda təşkil olunan bu beynəlxalq tədbirə 5 xarici ölkənin - ABŞ, Rusiya, Gürcüstan, Ukrayna və Belarusun 23 qabaqcıl təhsil ocağından, Azərbaycanın isə 12 ali məktəbindən olan alimlər qatılıblar.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev “AMEA və ADDA-nın elmi əməkdaşlıq perspektivləri” mövzusunda ətraflı məruzə ilə çıxış edib və bu perspektivləri çox yüksək dəyərləndirib.
ADDA-nın “İctimai fənlər və dillər” kafedrasının müdiri, dosent İlqar Abdullayev “Heydər Əliyev Azərbaycan multikulturalizminin konseptual yaradıcısıdır” mövzusunda məruzəsində bildirib ki, tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanda multikulturalizm dövlət siyasətinin tərkib hissəsini təşkil edir. “Multikultural nəzəriyyənin əsasında Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası dayanır. Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan etməsinin əhəmiyyətlindən danışarkən natiq vurğulayıb ki, Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən siyasi kursu davamlı və ardıcıldır. “Ölkəmizdə heç vaxt etnik və dini zəmində münaqişələr müşahidə olunmayıb. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan dünyada təkcə neft, qaz deyil, həm də multikultural dəyərlər ixrac edən ölkə kimi tanınır. Ölkəmizdəki tolerant və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların birləşməsinə böyük təkan verib”, - deyə İ.Abdullayev vurğulayıb.
Çıxışlarda Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda Azərbaycanın regionda lider dövlətə çevrildiyi, həyata keçirilən qlobal və regional layihələrin ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirdiyi diqqətə çatdırılıb. Dövlət başçısının rəhbərliyi ilə dəniz nəqliyyatı sahəsində də çox mühüm işlər görüldüyü, bu uğurların davamlı olması üçün dövlət başçımızın qoyduğu bütün tapşırıqların layiqincə yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Sonda ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov konfransın gedişatı haqqında məlumat verib. Konfrans “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Gəmiçilik texnikası”, “Gəmiçilikdə təbiət elmlərinin problemləri” və “Gəmiçilikdə humanitar və dilçilik problemləri” bölmələri üzrə öz işini davam etdirib.
Daha sonra konfrans ADDA-nın auditoriyalarında məruzələrlə davam edib. Məruzələr mayın 6-da başa çatacaq.