CƏMİYYƏT
Ümummilli Liderin ən böyük xidmətlərindən biri Azərbaycan gəncliyinə verdiyi töhfələrdir
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin əvəzolunmaz xidmətləri olub.
Bu sözləri dekabrın 12-də Ulu Öndərin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Nigar Ağayeva AZƏRTAC-a müsahibəsində deyib.
Qeyd edib ki, Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib.
Bildirib ki, müstəqil dövlətimizə sevgi, vətənpərvər gənclərin yetişməsi, gənc siyasətçilərin, ali savadlı kadrların hazırlanması ümummilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindəndir. Biz ondan vətəni sevməyi, vətənə layiqli övlad, əsl azərbaycanlı olmağı öyrəndik.