ELM VƏ TƏHSİL
Ümummilli Liderin ideyaları əbədiyaşardır
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.
Müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu diqqətə çatdıran rektor dahi rəhbərin ideyalarının əbədi yaşayacağını vurğulayıb.
Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan akademik A.Məhərrəmov Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib. Rektor deyib: “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Azərbaycan xalqı xoşbəxtdir ki, onun ümummilli lideri var!”
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, zəngin dövlətçilik təcrübəsinin, ideyalarının əhəmiyyətindən bəhs edib.
Azərbaycanın iqtisadiyyatında, elm və təhsilində, mədəniyyətində və digər sahələrdə qazanılan uğurlardan danışan Ə.Əhmədov bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün də ölkənin tərəqqisində müstəsna əhəmiyyət daşıyır.
Baş nazirin müavini dahi rəhbər Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın parlaq gələcəyinə əminliyini vurğulayıb.
Tədbirdə Ulu Öndərin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən film nümayiş etdirilib.