REGİONLAR
Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs bu gün uğurla davam etdirilir
Naxçıvan, 7 dekabr, AZƏRTAC
Azərbaycanın müstəqillik tarixi böyük şəxsiyyət Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirib ki, bu fikirlər universitetdə keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində səsləndirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib ki, ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövründə gördüyü böyük işlər xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edib. Məhz onun gərgin fəaliyyəti nəticəsində bu illərdə ölkəmizdə quruculuq işlərinə başlanılıb, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilib, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa olunub, yeni yaşayış massivləri salınıb, yollar tikilib, ucqar rayonlar qazlaşdırılıb.
Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı məruzəsində Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövründən, onun dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, yüksək idarəçilik bacarığı sayəsində həyata keçirdiyi tədbirlərdən və taleyüklü məsələlərin həllindəki əvəzsiz xidmətlərindən söz açıb.
Vurğulanıb ki, Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görüb, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edib, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradıb, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla, bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlini qoyubdur.
Məruzəçi dünya siyasi liderlərinin Ulu Öndər haqqındakı fikirlərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda “Tanrı payı” adlı sənədli film nümayiş olunub.