SİYASƏT


Ümummilli Liderin xatirəsi Türkiyənin Afyonkarahisar şəhərində ehtiramla yad edilib VİDEO

Afyonkarahisar, 13 dekabr, АZƏRTAC

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi və Afyon Kocatepe Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar “Türkiyə-Azərbaycan münasibətlərində Heydər Əliyev siyasəti” mövzusunda konfrans keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Afyon Kocatepe Universitetinin müəllim və tələbələri, yerli əhali və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Ümummilli Liderin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Konfransın açılışında çıxış edən səfir Faiq Bağırov Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişafında Heydər Əliyev dühasının yeri və rolu barədə müfəssəl məlumat verib. Diqqətə çatdırıb ki, Ulu Öndərin uzaqgörən inkişaf strategiyası Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirib. Bu konfransın təşkili də Heydər Əliyev şəxsiyyətinə göstərilən tükənməz ehtiramın bariz nümunəsidir. Səfir diqqətə çatdırıb ki, Azərbaycanın xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsinə göstərilən hər bir ehtiram xalqımız tərəfindən böyük sevgi ilə qarşılanır.

Afyon Kocatepe Universitetinin rektoru, professor Mustafa Solakın, Afyonkarahisar şəhər bələdiyyəsinin sədri Burhanettin Çobanın və şəhər valisinin müavini Adem Uslunun çıxışlarında Ulu Öndərin dövlət quruculuğu, ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində həyata keçirdiyi tarixi missiya yüksək qiymətləndirilib.

Sonra Orta Doğu Texniki Universitetinin professoru Oktay Tanrıseverin məruzəsi dinlənilib. O, Ulu Öndərin xilaskarlıq missiyasından, Azərbaycanın hərtərəfli inkişafı naminə gördüyü əvəzsiz işlərdən, müəyyən etdiyi neft strategiyasının əhəmiyyəti və nəticələrindən danışıb. Diqqətə çatdırıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə, o cümlədən energetika üzrə regionun aparıcı dövlətinə çevrilib.

Afyon Kocatepe Universitetinin dosenti Sevinç Abdullayeva isə Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib.

Sonda konfrans iştirakçılarına "Heydər Əliyev" və "İlham Əliyev" kitabları paylanılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Afyonkarahisar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.