ELM VƏ TƏHSİL
Ümummilli lider Azərbaycan arxeologiyasına və etnoqrafiyasına daim qayğı göstərib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova Ulu Öndərin ölkəmiz üçün gördüyü misilsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı xalqımızı və dövlətimizi böyük fəlakətlərdən xilas edib.
Vurğulanıb ki, dövlət quruculuğu və siyasət sahələrində nümayiş etdirdiyi fövqəladə istedadı ilə yanaşı, Ümummilli Lider həm də Azərbaycan tarixinə böyük diqqət yetirib, xüsusilə də Azərbaycan arxeologiyasını və etnoqrafiyasını daim himayə edib. Onun hakimiyyətdə olduğu illər Azərbaycan arxeologiyasının inkişafı mərhələsi kimi tarixə düşüb. Hətta Ulu Öndərin böyük səyi nəticəsində gerçəkləşən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı Azərbaycan tarixinin ən qədim dövrlərindən orta əsrlərə qədər 30 mindən yuxarı maddi mədəniyyət nümunəsi aşkar edilib. Bu tədqiqatların nəticəsində artıq XXI əsrdə Azərbaycan dünya arxeoloqlarının diqqət mərkəzinə daxil olub. Dünyanın qabaqcıl arxeoloji məktəbləri ilə səmərəli əməkdaşlıq qurulub. Azərbaycan dövlətinin güclənməsi, xalqımızın rifahının artması, həmçinin arxeologiya da daxil olmaqla Azərbaycan elminə qayğı kimi Ulu Öndər tərəfindən təməli qoyulmuş siyasi fəaliyyət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə AMEA-nın müxbir üzvü İlyas Babayev sovet dönəmində Heydər Əliyevin arxeologiyaya və abidələrin mühafizəsinə göstərdiyi qayğı ilə bağlı maraqlı xatirələrini danışıb.
İnstitutun şöbə müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov və başqaları Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü əzəmətli işlərdən, Azərbaycan elminə verdiyi töhfədən söz açıblar.
Sonra Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumatları, arxeologiyaya göstərdiyi qayğını əks etdirən təsvirlərdən ibarət slayd nümayiş olunub.