SİYASƏT


Ümummilli lider Heydər Əliyev hər kəsin qəlbində özünə əbədi bir abidə ucaldıb

A+ A

Bakı, 12 dekabr, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13-cü ildönümü ilə əlaqədar Pirallahı rayonunda da silsilə tədbirlər keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında, səhiyyə və təhsil ocaqlarında təşkil edilən tədbirlərdə Ulu Öndərin xatirəsi dərin hörmət və ehtiramla anılır.

Belə tədbirlərdən biri də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, ictimaiyyətin nümayəndələrinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə keçirilib və ehsan süfrəsi açılıb.

Anım mərasimində Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açılıb. Bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyi bildirilib.

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə əbədi bir abidə ucaltdığını vurğulayıb. Qeyd edib ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir.

Tədbirin sonunda rayon ziyalıları bir daha ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu qeyd ediblər. Bildiriblər ki, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da işıqlı gələcəyə doğru inamla irəliləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.