ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyev milli–mənəvi dəyərlərin qorunmasında böyük töhfələrə imza atıb
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Universiteti ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən “Milli–mənəvi dəyərlərin qorunması Heydər Əliyevin amalı idi” mövzusunda beşinci beynəlxalq elmi konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunub.
Əvvəl konfrans iştirakçıları Ulu Öndərin tədris mərkəzindəki büstünün önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva xalqımızın milli-mənəvi dəyərlərinin dünya sivilizasiyasında mühüm yer tutduğunu söyləyib. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub gələcək nəslə çatdırılmasında böyük töhfələrə imza atıb. Konfransda bu mühüm məqamlar müxtəlif prizmalardan geniş müzakirə ediləcək.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, professorlar Əvəz Ələkbərov, Fuad Məmmədov, ”İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müzakirə ediləcək mövzuların müxtəlif məqamlarına toxunub, konfransın işinə uğurlar arzulayıblar.
Konfrans işini iki bölmədə davam etdirib. Bölmə iclaslarında konfransın mövzuları üzrə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib. Azərbaycan Universiteti ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.