SİYASƏT
Ümummilli lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin gömrük idarələri rəhbərləri iclasının iştirakçıları noyabrın 26-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin Bakıda iki gün davam edəcək iclasında Azərbaycanla birgə Bolqarıstan, Rumıniya, Ukrayna, Yunanıstan, Belçika, Rusiya və digər ölkələrin nümayəndələri də iştirak edirlər.