İDMAN
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” Uğrunda Beynəlxalq Yarışa start verilmişdir VİDEO
Naxçıvan, 4 may (AZƏRTAC, Rauf Əliyev). Mayın 4-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş 1994-1996-cı il təvəllüdlü gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarışa start verilmişdir.
AZƏRTAC xəbər verir ki, turnirin reqlamentinə əsasən, 2 yarımqrupda 8 komanda öz qüvvəsini sınamışdır. Azərbaycan Respublikasının və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının güləşçiləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan və Ukrayna güləşçilərinin mübarizə apardığı yarışda finala yüksələn komandaların adları artıq məlum olmuşdur.
Yarışın “A” qrupunda qərar tutan Azərbaycan millisi qrup qarşılaşmasını tam üstünlüklə başa vurmuşdur. Türkiyə, Qazaxıstan və Özbəkistan komandalarını üstələyən güləşçilərimiz finalda “B” qrupunun lideri olan ukraynalı həmkarları ilə qarşılaşacaqlar. Bu qrupda Ukrayna komandası Naxçıvan, Rusiya və Gürcüstan güləşçilərini arxada qoymağı bacarmışdır.
Mayın 5-də Özbəkistan və Gürcüstan komandaları 7-8-ci yerləri bölüşdürmək üçün qarşılaşacaqlar. Ardınca isə naxçıvanlı pəhləvanlar türkiyəli həmkarları ilə 5-6-cı yerlər uğrunda mübarizə aparacaqlar. Günün ikinci yarısında qaliblər məlum olacaqdır. Qazaxıstan və Rusiya komandaları 3-cü yer uğrunda mübarizə aparacaq, sonda isə meydanda Azərbaycan güləşçiləri ukraynalı həmkarları görüşəcəklər.