SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Vaşinqtonda qeyd edilib VİDEO
Vaşinqton, 10 may, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Vaşinqtonda tədbir keçirib.
Tədbirdə çıxış edən səfir Elin Süleymanov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açıb. O, xalqımızın hər zaman Heydər Əliyev kimi bir şəxsiyyətlə fəxr etdiyini və onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığını bildirib. Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, ölkəmizin beynəlxalq ictimaiyyətin nüfuzlu və güclü bir üzvü olaraq mövqelərinin möhkəmləndiyini qeyd edib. O, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb.
Sonra ABŞ-da yaşayan Azərbaycan icmasının üzvü Həbib Azərsina ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, 1990-cı illərin əvvəllərində Heydər Əliyevin bir sıra ABŞ dövlət rəsmiləri, o cümlədən sabiq prezidentlər Bill Klinton və Corc Buş ilə görüşlərini xatırlayıb. Həmin görüşlərdə Ulu Öndərin Azərbaycanı ən yüksək səviyyədə təmsil etdiyini və həmsöhbətləri ilə müzakirələri bərabərhüquqlu tərəfdaş kimi apardığını vurğulayıb. O, Azərbaycan üçün taleyüklü əhəmiyyət daşıyan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan və digər bu kimi mühüm layihələrin birmənalı şəkildə Heydər Əliyevin nümayiş etdirdiyi möhkəm iradə və uzaqgörən siyasət nəticəsində mümkün olduğunu diqqətə çatdırıb. H.Azərsina müasir Azərbaycanın müstəqil bir dövlət kimi inkişafının Heydər Əliyev dühasının nailiyyəti olduğunu vurğulayıb.
Tədbir çərçivəsində, həmçinin ümummilli lider Heydər Əliyevin ABŞ-a etdiyi müxtəlif səfərlərini özündə əks etdirən fotoşəkillərin sərgisi təşkil edilib və onun keçdiyi həyat yoluna dair film nümayiş olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton