SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü YAP Səbail rayon təşkilatında qeyd edilib
Bakı, 6 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mayın 6-da Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb.
Qeyd olunub ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən dahi şəxsiyyət ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ulu Öndər Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb. Dahi rəhbərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti var. 1969–1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür.
Professor Ş.Hacıyev qeyd edib ki, sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alınıb, respublikanın parçalanması təhlükəsi aradan qalxıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanılıb, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyulub. Həmçinin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiya formalaşmağa başlayıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı. Qeyd edilib ki, Ulu Öndərin dövlətimiz qarşısında tarixi xidmətlərindən biri də hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan verən, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası olub.
Respublikada həyata keçirilən iqtisadi islahatlardan söz açan Ş.Hacıyev Azərbaycanın qabaqcıl ölkələrdən birinə çevrilməsinin, iqtisadi, siyasi, mədəni və mənəvi yüksəlişinin əsas istiqamətlərini diqqətə çatdırıb. “Əsrin müqaviləsi” adı ilə tarixə düşən beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müstəsna əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Vilayət Əliyev və digər natiqlər çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, bütün mənalı həyatını öz xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Müdrik siyasətçinin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə başlanılan islahatlar Azərbaycanın inkişafının təməlidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra çıxışlar ətrafında müzakirələr aparılıb.