SİYASƏT
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Tehranda ehtiramla yad edilmişdir VİDEO
Tehran, 10 dekabr (AZƏRTAC). Azərbaycanın İrandakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Əvvəlcə ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulmuş, Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmiş, ruhuna dualar oxunmuşdur.
Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsinə ehtiram əlaməti olaraq müəssisə və təşkilatlardan səfirliyə rəngarəng gül çələngləri gətirilmişdir.
İran rəsmilərinin, Tehranda fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin, ölkə ictimaiyyətinin görkəmli nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin və yerli mətbuat təmsilçilərinin iştirak etdikləri mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, xalqımız qarşısında tarixi xidmətlərinin mahiyyətindən, həyata keçirdiyi böyük strategiyaların nəticələrindən bəhs etmişdir. Bildirmişdir ki, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində Azərbaycanın dövlət müstəqilliyi üçün çalışmış, hələ keçmiş sovet dönəmində bu istiqamətdə əsaslı işlər görmüşdür.
İranın Azərbaycandakı keçmiş səfiri, İran - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Əhəd Qəzai, qonşu ölkənin respublikamızdakı sabiq səfiri Ə.Nəhavəndian və İran İslam Xarici İşlər Nazirliyinin idarə rəisi Rza Bağban Kondori çıxışlarında ümummilli lider Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşmüşlər. Natiqlər Ulu Öndərimizin müəyyən etdiyi dəqiq strateji hədəflərdən, onun qurub-yaratmaq istedadından, sülh və sabitliyə bağlı zəngin prinsiplərindən maraqlı məqamlara toxunaraq müasir müstəqil dövlətimizin banisinin səmimi qonşuluq və mehriban dostluq siyasətinin nəticələrindən, Azərbaycan-İran münasibətlərinin normal məcraya yönəlməsi və inkişafı istiqamətində istifadə etdiyi uğurlu diplomatik gedişlərdən danışmışlar.
Çıxışlarda dönə-dönə vurğulanmışdır ki, dahi şəxsiyyət Heydər Əliyev nəhəng siyasət ustası olmuşdur. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tarixi işlərin nəticələrini yüksək dəyərləndirən natiqlər qeyd etmişlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının sürətli və hərtərəfli inkişafının əsasını böyük öndər Heydər Əliyevin müdrik tarixi qərarları və dəqiq hədəflərə hesablanmış uzaqgörən inkişaf strategiyası təşkil edir. Bu gün Azərbaycan sosial-iqtisadi inkişaf tempinə, əhalinin yüksək rifahına, sabitliyinə, qətiyyətli siyasi mövqeyinə, qüdrətinə görə nümunəvi dövlətlər sırasındadır.
Mərasim keçirilən salonda Azərbaycan xalqının böyük oğlunun xilaskarlıq missiyasını, xalqımız qarşısında misilsiz xidmətlərini, müasir Azərbaycan dövlətinin inkişaf istiqamətlərini əks etdirən əyani vəsaitlər sərgilənmiş, iştirakçılara kitab və jurnallar, maraqlı ədəbiyyatlar paylanılmış, yerli mətbuat və informasiya redaksiyalarına Azərbaycan, fars və ingilis dillərində hazırlanmış mətbuat açıqlaması göndərilmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran