REGİONLAR


Ümummilli lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Göyçay, 12 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda ulu öndər Heydər Əliyevin nurlu xatirəsi böyük ehtiramla yad edilib. Dekabrın 12-də dahi rəhbər Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar Göyçay şəhərində izdihamlı anım mərasimi olub.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri düzüblər.

Anım mərasimində Ümummilli Liderin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamları barədə məlumat verilib. İftixar hissi ilə bildirilib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan regionun sürətlə inkişaf edən ölkəsinə çevrilib.

Anım günü ilə əlaqədar rayonun məscidlərində Ümummilli Liderin ruhuna dualar oxunub.

X X X

Dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıqla xatırlayan mingəçevirlilər dekabrın 12-də Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyevin vəfatının növbəti ildönümünə həsr edilən anım mərasiminə toplaşan şəhər icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Həmin gün Mingəçevir Turizm Kollecində də ulu öndər Heydər Əliyevin xatirəsi anılıb. Təhsil ocağının Heydər Əliyev adına İdeoloji Mərkəzində keçirilən konfransda çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov qeyd edib ki, qeyri-adi şəxsiyyəti, siyasi fəaliyyəti və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bildirilib ki, Azərbaycanın ən yeni tarixinin böyük bir hissəsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və qədirbilən xalqımız dahi rəhbərin əvəzsiz xidmətlərini heç vaxt unutmur. Ümummilli lider Heydər Əliyev ideyalarının daim yaşayacağını deyən direktor bu gün ölkəmizin dünyada söz və nüfuz sahibinə çevrildiyini vurğulayıb.

X X X

Dekabrın 12-də Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə, təşkilat və ictimai birliklərin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, şəhərin mərkəzindəki abidəsi önünə əklil və gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, anım mərasiminin iştirakçıları sonra Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar və sənədlərlə tanış olublar.

X X X

Ağdaşda ulu öndər Heydər Əliyevin nurlu xatirəsi böyük ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də dahi rəhbər Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar Ağdaş şəhərində izdihamlı anım mərasimi olub. Rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyətin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Sonra YAP rayon təşkilatında, rayon mədəniyyət və turizm şöbəsində, mərkəzi kitabxanada, təhsil şöbəsində, mərkəzi xəstəxanada anım mərasimləri keçirilib. Rayon ziyalılarının, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, ağsaqqalların, gənclər və məktəblilərin iştirakı ilə keçirilən mərasimlərdə “Şəxsiyyət” sənədli filminə baxış olub.

Mərasimlərdəki çıxışlarda ölkəmizin bütün bölgələrinin, eləcə də Ağdaşın sosial-iqtisadi inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri bir daha yada salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.