SİYASƏT
Ümummilli lider Heydər Əliyevin və İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsi yad edilib
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da MDB-yə üzv ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları Fəxri Xiyabana gedərək, orada bizim xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı üstünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, onun məzarı önünə tər güllər düzülüb.
Sonra Belarus səfirliyinin nümayəndələri Belarusun azad edilməsi uğrunda döyüşlərdə xüsusilə fərqlənmiş Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsini ehtiramla yad edib, onun məzarının üstünə gül qoyublar.
MDB-yə üzv ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları Şəhidlər xiyabanına gəlib, orada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsini ehtiramla yad edib, onun məzarının üstünə gül qoyublar.
Belarus Respublikasının səfiri Gennadi Axramoviç jurnalistlərə müsahibəsində deyib: “9 May – faşizm üzərində qələbə qazanmış bütün ölkələr üçün böyük gündür. Bu Qələbə bütün dünya üçün əlamətdar hadisə olub. Azərbaycan döyüşçüləri İkinci Dünya müharibəsində əsl qəhrəmanlıq göstəriblər, onların xatirəsi daim yaşayacaq”.
G.Axramoviç onu da qeyd edib ki, Belarus və Azərbaycan – çox sahələrdə əməkdaşlıq edən dost dövlətlərdir. O, əmin olduğunu bildirib ki, ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edəcək. Səfir ulu öndər Heydər Əliyevin iki ölkənin və onların xalqlarının yaxınlaşmasına töhfəsini yüksək qiymətləndirib.