SİYASƏT
Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Moldovada anım mərasimi keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın Moldovadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü il dönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Azərbaycanın Moldovadakı diaspor üzvləri, tələbələr və digər qonaqlar da iştirak ediblər.
Mərasimdən əvvəl Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.
Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulub, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilib, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılıb.
Tədbirdə Azərbaycanın Moldovadakı diasporun sədri Vüqar Novruzov, Bakı Multikulturalizm Mərkəzinin Moldova üzrə təmsilçisi Aureliya Qriqoriu və başqaları çıxış edərək dahi şəxsiyyət Heydər Əliyev haqqında fikirlərini bölüşüblər.