SİYASƏT
Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Vyetnamda anım mərasimi keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumları rəsmilərinin, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Ulu Öndərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Səfir Anar İmanov Heydər Əliyevin müasir, inkişaf edən, güclü və müstəqil Azərbaycan dövlətinin banisi olduğunu xüsusi vurğulayıb, dünya şöhrətli siyasətçinin həm Sovet İttifaqı, həm də müstəqilliyin bərpasından sonrakı dövrlərdə ölkəmizə uğurlu rəhbərlik etdiyini deyib. Səfir sovet dövründə Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif istiqamətlər üzrə aparılan işlər nəticəsində Azərbaycanın keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrildiyini bildirib.
Xalqın istəyi ilə ölkəmizin ağır günlərində Heydər Əliyevin hakimiyyətə qayıtdığını deyən səfir bununla Azərbaycan tarixində yeni səhifənin açıldığını qeyd edib. Məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə güclü siyasətə və iqtisadiyyata malik Azərbaycanın təməli qoyulub.
Heydər Əliyevin keçmiş SSRİ-nin Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsində çalışarkən, 1983-cü ildə Vyetnama rəsmi səfər etdiyini xatırladan A.İmanov qeyd edib ki, Ulu Öndərin şəxsi təşəbbüsü nəticəsində qəbul etdiyi qərarlar həm Vyetnamın sürətli daxili inkişafına, həm də Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə əvəzsiz töhfə verib.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən diplomat bunun nəticəsində Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı dövlətinə çevrildiyini bildirib.
Azərbaycanın Mədəniyyəti və Tarixinin Araşdırmaları Mərkəzinin rəhbəri Dao Xuan Tien Heydər Əliyevin şah əsəri olan Azərbaycanın bugünkü sürətli inkişafının canlı şahidləri olduğunu söyləyərək, görkəmli siyasi xadimin Vyetnamın müharibədən sonrakı quruculuq işlərinə verdiyi töhfələrin Vyetnam xalqının yaddaşından heç vaxt silinməyəcəyini deyib.
Sonda Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.