SİYASƏT
Ümummilli lider Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad edilib
Tbilisi, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda ehtiramla yad edilib.
Ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən “SOCAR”, Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan, “Paşa Bank”, AZPROMO şirkətlərinin, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Rustavi şəhərinə gələrək buradakı Heydər Əliyev Parkında da Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xizanişvili və bölgə rəsmiləri də Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.
Paata Xizanişvili jurnalistlərə müsahibəsində bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanda deyil, Gürcüstanda da böyük sevgi ilə xatırlanır. O deyib: “Heydər Əliyev müasir Azərbaycan-Gürcüstan dostluğunun əsasını qoyan dahi şəxsiyyətdir. Onun siyasi uzaqgörənliyi nəticəsində regionumuz inkişaf edir. Biz bu sabitliyə, inkişafa görə Heydər Əliyevə borcluyuq. Heydər Əliyevin əziz xatirəsi gürcü xalqının qəlbində əbədi yaşayacaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi