CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin xatirəsi Həştərxanda anılıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Həştərxan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunan tədbir keçirilib.
Heydər Əliyev adına məktəbdə keçirilən tədbirdən əvvəl qonaqlar məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Məktəbin direktoru Tatyana Tixomirova tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Tədbirdə məktəbin məzunu tərəfindən hazırlanmış və Azərbaycan xalqının böyük oğlunun həyat yolundan bəhs edən "Heydər Əliyev" filmi nümayiş etdirilib.
Həştərxan vilayəti Dumasının deputatı Gennadi Ordenov çıxışında Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verən görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəb haqqında təəssüratlarını bölüşüb.
Artıq beşinci ildir ki, ənənəyə uyğun olaraq məktəbin təhsil və idmanda fərqlənən şagirdlərinə və müəllimlərə Heydər Əliyev Fondunun mükafatları verilib.
"Kazaçok" klubunun üzvləri tədbir iştirakçılarına musiqili hədiyyə təqdim ediblər.
Tədbirin sonunda Azərbaycan diasporunun rəhbəri Ədalət Hüseynov Həştərxan vilayətində Heydər Əliyev Fondunun fəaliyyətinin Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.