İDMAN
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi olub VİDEO
Bakı, 25 iyul (AZƏRTAC, Məhərrəm Əlioğlu). İyulun 25-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub.
Sonra iştirakçı komandalar səhnəyə dəvət olunublar.
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın qazandıqları nailiyyətlərdən danışıb.
İ.İsmayılov deyib ki, ulu öndər Heydər Əliyev bütün sahələrlə yanaşı, gənclərin mənəvi tərbiyəsində, fiziki və zehni inkişafında mühüm vasitə olan idmana da həmişə böyük diqqət göstərib. Məhz Ümummilli Liderin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan idmanını yüksək zirvəyə qaldırıb. Bu gün bu siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə idman və bədən tərbiyəsi yüksək inkişaf dövrünü yaşayır, idmançılarımız nüfuzlu yarışlarda layiqli qələbələr əldə edir, idmanımızın maddi-texniki bazası genişlənir, digər dövlətlərlə beynəlxalq əlaqələrimiz daha da möhkəmlənir. Heç də təsadüfi deyil ki, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına məhz Azərbaycan ev sahibliyi edəcəkdir. Bu da Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının bariz nümunəsidir.
Nazir müavini deyib ki, Azərbaycanın milli idman növü olan, respublikamızda dərin köklərə malik olan güləş hər zaman dövlətimizin diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” turniri artıq 7-ci dəfədir ki, keçirilir. İnanıram ki, builki turnir də digərləri kimi Azərbaycan güləş tarixində daim xatırlanacaq turnirlərdən biri olacaqdır.
Mərasimdə çıxış edən FİLA-nın prezidenti Nenad Laloviç yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıq edib. O deyib ki, bu yarış Beynəlxalq Güləş Federasiyasının təqvim planında ən güclü turniridir.
Qeyd edilib ki, güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində 35 ölkədən 400-ə yaxın pəhləvan mübarizə aparır.
Sonra Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev artıq 7-ci ildir keçirilən bu mötəbər yarışın təşkilini Azərbaycana etibar etdiyinə görə FİLA rəhbərliyinə minnətdarlığını bildirib.
Namiq Əliyev vurğulayıb ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində son illər ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələrdə olduğu kimi, idmanın da tərəqqisinə müsbət təsirini göstərir. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır.
O bildirib ki, qarşıda bizi tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları gözləyir. Təşkilatçı ölkə olaraq bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün mühüm işlər görülür, yeni-yeni idman qurğuları tikilib istifadəyə verilir. Güləşçilərimiz də birinci Avropa Oyunlarına səylə hazırlaşırlar. Məqsədimiz XXX London Yay Olimpiya Oyunlarında qazanılan nailiyyətləri daha da artırmaqdır. Son illər Azərbaycan güləşçiləri bütün mötəbər beynəlxalq yarışlardan, Avropa və dünya çempionatlarından yüksək əyarlı medallarla qayıdırlar. Qazanılan bu uğurlar Azərbaycanın ümumi tərəqqisinin, güləşin inkişafının aydın göstəricisidir. Əminəm, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sayca 7-ci “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi ədalətli idman mübarizəsi şəraitində keçəcək, güləşçilərimiz gözəl nəticələr göstərərək bu dəfə də Ulu Öndərimizin xatirəsini uca tutacaq, qonaqlarımız isə ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar.
Çempionatda iştirak edən idmançılara uğurlar arzulayan N.Əliyev yarışı açıq elan edib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.