ELM VƏ TƏHSİL
Ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
Bakı, 29 aprel , AZƏRTAC
Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransının bağlanış mərasimi keçirilib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edib.
Mərasimdə “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini Sərvər Ağayevin “Azərikimya” İstehsalat Birliyi: Modernizasiya və yenidənqurma layihələri”, SOCAR-ın Neft-qaz emalı və neft-kimya kompleksinin baş direktorunun müavini Rauf Nağıyevın “Neft emalı sahəsində Azərbaycanın perspektivli layihələri”, “НПФ Tural-110”un rəhbərinin müavini Yevqeniy Puşikin “Müasir şəraitdə Qazaxıstanın mini neftayırma zavodlarının problemləri və perspektivləri. Mazutun və benzinin birbaşa emalı texnologiyaları”, “Hazar Oil” şirkətinin direktoru Mehman Hüseynovun “Türkmənistanda neft emalı istehsal sahələrinin icmalı”, ŞƏT İşgüzar klubunun rəhbərinin İrandakı müavini Aleksandr Şarov “İranın neft-kimya sənaye sahəsinin sanksiyalarından sonraki vəziyyətinin icmalı və inkişaf perspektivi” və digər konfrans iştirakçıların məruzələri dinlənilib.
Konfransın keçirilməsində məqsəd neft strategiyasının uğurlarını təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etməkdən ibarətdir.
Qeyd edək ki, beynəlxalq konfransda 19 ölkədən 70 mütəxəssis və ekspertlər iştirak edib.
Konfrans 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam edib. Tədbir çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil edilib.