CƏMİYYƏT
Ümummilli liderin anım günü İzmirdə onun adını daşıyan Texniki-Sənaye Peşə Liseyində qeyd olunub
Bakı, 12 dekabr, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, SOCAR-ın yerli və xaricdə fəaliyyət göstərən müəssisələrində də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyində Ulu Öndərin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım mərasimində Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə, “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov, STAR neft emalı zavodunun icraçı direktoru İbrahim Palaz və Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin müdiri Məhməd Sıtqı Arı iştirak ediblər.
Tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin dinamik inkişafına və beynəlxalq aləmdə öz layiqli yerini tutmasına görə xalqımız ümummilli lider Heydər Əliyevə borcludur. Heydər Əliyev xalqın yaddaşına qurucu və xilaskar dövlət xadimi, əbədi xalq məhəbbəti qazanmış milli lider kimi həkk olunub.
Çıxış edənlər “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan və Türkiyə arasında əbədi, sarsılmaz qardaşlıq əlaqələrinin təməlini qoymuş ümummilli liderin xatirəsini ehtiramla anıblar.
Mərasimin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Qeyd edək ki, Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin təməli 2011-ci il oktyabrın 25-də Əliağa bölgəsində STAR neft emalı zavodu ilə eyni vaxtda qoyulub. Liseyin inşası 270 günə tamamlanaraq, Əliağa Milli Təhsil İdarəsinə təhvil verilib.