SİYASƏT
Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri mükafatlandırılıb
Bakı, 3 iyun, AZƏRTAC
Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov Həştərxan vilayəti Dumasının Fəxri fərmanı ilə təltif edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, diaspor rəhbəri millətlərarası sülh və anlaşmanın təmin olunmasında göstərdiyi ictimai fəaliyyətinə, beynəlxalq əməkdaşlığın və Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluğun inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.
Həştərxan vilayət Dumasının sədri Aleksandr Klıkanov mükafatın təqdim edilməsi mərasimində Ədalət Hüseynovun Həştərxanla Azərbaycan arasında qarşılıqlı dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində vacib rolunun olduğunu deyib. Dumanın sədri Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynovun yerli əhali, hökumət nümayəndələri arasında nüfuza malik olduğunu vurğulayıb.
Diaspor rəhbərinin, eyni zamanda, Həştərxanda yaşayan azərbaycanlı gənclər və tələbələr arasında tərbiyəvi işin aparılması istiqamətində müstəsna xidmətləri də xüsusi qeyd edilib.