SİYASƏT
Ümumrusiya Azərbaycanlılar Konqresi
Ulyanovsk regional bölməsinin üzvləri Ulyanovskdakı 78 nömrəli orta məktəbdə təntənəli sırada iştirak ediblər
ÜAK-dan AZƏRTAC-a bildirilib ki, Konqresin Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov bu bayram günündə şagirdləri və onların müəllimlərini salamlayıb. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Ulyanovska diqqətini minnətdarlıqla xatırlayıb, onun irimiqyaslı humanitar, təhsil və mənəvi-maarifləndirici layihələrin reallaşmasına istiqamətlənən fəaliyyətinin böyük əhəmiyyətini vurğulayıb. İ.Hüseynov çıxışını bu sözlərlə yekunlaşdırıb: “Hörmətli müəllimlər! Əziz uşaqlar! Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Biz, Ümumrusiya Azərbaycanlılar Konqresi Ulyanovsk regional bölməsinin üzvləri 78 nömrəli orta məktəbin uğurları ilə həmişə fəxr edirik. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbinizin əsaslı təmirindən sonra şagirdlərin sayı artıb, təhsilin keyfiyyəti yüksəlib. Əminəm ki, siz bundan sonra da nailiyyətlərinizi artıracaqsınız. Yeni dərs ilində sizə uğurlar arzulayırıq! Əziz uşaqlar! Heydər Əliyev Fondu bu gözəl noutbukları, kitabları, “BAKU” və “AMOR” jurnallarını sizə hədiyyə göndərib və biz böyük sevinclə onları sizə təqdim edirik”.
Sonra hədiyyələr birinci sinif şagirdlərinə təqdim edilib.
Məktəbin direktoru, Rusiyanın əməkdar müəllimi Gennadi Tsaryov təhsil müəssisəsinin yenidən qurulmasına göstərilən köməyə görə Mehriban Əliyevaya, həmçinin Polad Bülbüloğluna, Anar Ələkbərova, İslam Hüseynova təşəkkürünü bildirib.
Təntənəli sıranın sonunda Ümumrusiya Azərbaycanlılar Konqresi Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov başda olmaqla, bu qurumun üzvləri yuxarı sinif şagirdləri ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Rusiya Qəhrəmanı Dmitri Razumovskinin və iki dəfə Sovet İttifaqı Qəhrəmanı İvan Polbinin abidələri önünə güllər qoyublar.
Qeyd etmək lazımdır ki, Ümumrusiya Azərbaycanlılar Konqresi Ulyanovsk regional bölməsinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önündə xoş sürprizlə qarşılaşıblar - məktəblilər Ulu Öndərin həyatı və onun Azərbaycan xalqı və dövləti üçün xüsusi əhəmiyyəti barəsində qısa məlumat veriblər.